Zərdüşt Əlizadə: «İranın Azərbaycana münasibəti tamamilə müsbətdir»

«Kənardan gələn göstərişlər demokratiya ilə bağlı olmayanda həyata keçirilir»
Azərbaycan-İran münasibətlərində müxtəlif dövrlərdə problemlər, gərginliklər meydana çıxıb. Növəti gərginlik isə İsrail prezidenti Şimon Peresin Azərbaycana rəsmi səfəri ərəfəsində baş verir. Bu səfərə İran rəhbərliyi kəskin reaksiya verir, hətta Azərbaycandan İsrail səfirliyinin bağlanmasını tələb edir.
Az sonra məlum oldu ki, vaxtı ilə Heydər Əliyevlə İranın dini rəhbəri Xomneyi arasında Xəzərdə mübahisəli sayılan yatağın heç bir dövlət tərəfindən işlənməməsinə dair razılığın əldə edilməsinə baxmayaraq qarşı tərəf bunu pozub.
Azərbaycan tərəfi isə bu təhdidlərə İranın adının Azərbaycan qazının ixracının potensial marşurutları siyahısından çıxarılması ilə cavab verib. Xatırladaq ki, ABŞ prezidentinin elçisi Morniqstar rəsi Bakıdan İrana qarşı belə addımların atılmasını istəmişdi. Bundan sonra situasiya necə inkişaf edəcək? Suallarımızı şərqşünas, politoloq Zərdüşt Əlizadə cavablandırıb.
- İran-Azərbaycan münasibətlərinin hazırkı səviyyəsini necə qiymətləndirirsiniz?
- Normal münasibətlər mövcuddur.Təbii ki, bu iki dövlətin formaları, ideologiyaları müxtəlifdir, amma coğrafi məkan eynidir. Tarix və mədəniyyət baxımından iki ölkə arasında yaxın millətlər yaşayır. Ölkələr arası münasibətlər də bu gerçəkliyi əks etdirir. Biz İranla strateji müttəfiq deyilik və eyni yolu qət etmirik. Müxtəlif məsələlərə fərqli baxışlar ola bilər. Bu fərqli baxışlar bəzi hallarda üzə çıxır, qabardılır. Bəzi hallarda isə gizlədilir, arxa palana keçir. Bunun özü də təbii haldır.
- İran rəhbərliyindən rəsmi Bakıya ünvanlanan təhdid dolu açıqlamaları necə dəyərləndirirsiniz?
- Bu onu göstərir ki, İsrail dövlətinə münasibətdə İran və Azərbaycan rəhbərlərinin münasibətləri müxtəlifdir. Mən istəməzdim ki,Siz bunu «İran Azərbaycana qarşı» formada təqdim edəsiniz. İran Azərbaycan rəhbərliyinə qarşı ola bilər. Amma İranın Azərbaycana münasibəti tamamilə müsbətdir və bunu da bütün hərəkətləri ilə sübut edir. Ancaq Azərbaycan hökumətinin müəyyən hərəkətlərinə onlar mənfi münasibət bəsləyirlər. Azərbaycan xalqı və hökuməti də, İranın bəzi addımlarına mənfi münasibət bəsləyə bilər. Bu təbiidir. Biz yaxın və fərqli dövlətlərik.
- Əgər İran rəsmisi ölkənin daxili işinə qarışırsa, bu dövlətçiliyimizə qarşı mənfi hal deyilmi?
- Bilirsinizmi, Azərbaycan dövlətçiliyinin mahiyyətini Peresin Azərbaycana gəlməsi ilə əlaqələndirmək yanlışdır. Azərbaycan dövləti və bu dövlətin rəhbərliyi var. Bu dövlətin rəhbərliyi xalqın mənafeyinə uyğun siyasət yeridirsə bu başqa məsələdir. Yox əgər hər yerdə yaşasın prezident, yaşasın vətənpərvər Milli Məclisimiz, Azərbaycanın uğurlu siyasəti və s. deyirsinizsə, onda hökumətə qarşı yönələn tənqid faktiki olaraq Azərbaycan dövlətinə yönəlmiş sayılır.
- Söhbət Azərbaycana gələn bir dövlət başçısına İranın heç bir əsası olmadan etiraz etməsindən gedir…
- Azərbaycan istəsəydi İran prezidenti Əhmədnejatın Suriya səfərinə etiraz edirdi. Amma bundan İran nə. Eyni zamanda İranın Peresin səfərinə etiraz etməsindən Azərbaycana nə. İndi İran tərəfindən bəyanat verildi. Bizim də hüququmuz vardı ki, həmin bəyanata münasibət bildirək. Artıq bu hüququmuzdan istifadə etmişik. Hesab edirəm ki, bundan sonra hadisələri dramatikləşdirmək lazım deyil. İndi dərhal yada düşür ki, İran islam torpaqlarını tutub, işğalçı Ermənistan dövləti ilə əməkdaşlıq edir və s. Amma heç kim demir ki, Azərbaycan hökuməti Ermənistanla əməkdaşlıq edir. Bununla bərabər ermənilərin Azərbaycan torpağını işğal etməsini əbədiləşdirmək üçün yeridilən siyasətdən heç kim danışmır.
Şimon Peres Azərbaycana gəlirsə, xoş gəlir. Peres görkəmli siyasi xadimdir, öz xalqının taleyində əhəmiyyətli rol oynayıb və biz onu salamlayırıq. İndi İran rəsmilərinin Peresdən və onun təmsil etdiyi dövlətdən xoşu gəlmirsə, bu, onların öz problemləridir. Bu mənada məsələni dövlətçiliyin əleyhinə addım kimi qiymətləndirməyə dəyməz.
- Ancaq İranın «səhər-2» kanalı indidə ərazilərimizdə yayımlanır və anti –Azərbaycan təbliğatı aparır…
- Bilirsinizmi, anti-Azərbaycan mövqeyi belədir. Mən də deyirəm ki, İran rəsmilərinin Azərbaycanda hər hansı bir siyasi xadimlə bağlı münasibət bildirmək hüququ var. Söz azadlığı var. İndi Azərbaycanda müxalif qəzetlər boğulur, televiziyalarda alternativ fikirə yer ayrılmır. Bütün bunlar isə Azərbaycanda həyata keçirilən inkişafa zərər verməmək adı altında həyata keçirilir. İndi bir «Səhər-2» kanalı deyib ki, biz Peresin səfərini pisləyirik. İndi biz bunu da boğaq və deyək ki, bu addım hakimiyyətin yeritdiyi siyasətin əleyhinədir? Siz İranı sevmirsinizsə, bu sizin öz işinizdir. Amma söz azadlığını qorumaq sizin vəzifə borcunuzdur.
- Bir neçə gün öncə İran mətbuatı yazdı ki, bu ölkə Xəzərin Azərbaycana aid hissəsində qazma işlərinə başlayıb. Rəsmi Tehran bu məlumatı nə təkzib, nə də təsdiq etdi. Əvəzində Azərbaycan tərəfi araşdırmalara başladı…
- Əzizim, İranın bunun üçün texniki imkanları yoxdur. Onun üzən buruğu və ya qazma qurğusu yoxdur. İndi İranla Ermənistan arasında artıq boru xətti var. Ancaq 7-8 il öncə bir jurnalist mənə sual vermişdi ki, İran nəyə görə Ermənistana qaz verir? Amma həmin vaxt qaz borusu yox idi. İndi İranın Xəzərin cənub sektorunda qazma işləri aparması üçün imkanları yoxdur.
- Azərbaycan İranın adının qazın potensial alıcıları siyahısından çıxarıb. Bu addımı necə şərh edirsiniz?
- Evi yıxıldı. İran dünyanın ən iri qaz sahiblərindən biridir. İran bizim qazı müəyyən siyasi məqsədlərlə, bölgədəki layihələrdə iştirak etmək üçün alırdı. Hazırda İranda qaz boldur və əhaliyə satılan qazın qiyməti də Azərbaycandan bir neçə dəfə ucuzdur.
- Ümumiyyətlə, İranın Azərbaycan qazının alıcıları siyahısından çıxarılmasına səbəb nə olub?
- Bu onu göstərir ki, Azərbaycan həqiqətən də müstəqil dövlət deyil. Və Vaşinqtonun qərarlarını çox böyük səylə həyata keçirir. Bu da bizim müstəqilliyimizin nümunəsidir. Vaxtı ilə İran Xəzər neftinin fars körfəzinə çıxarmaq üçün,dəyəri 300 milyon dollar olan təklif irəli sürmüşdü. ABŞ-ın dövlət plan komitəsi bunu qadağan elədi. Azərbaycanda 4 milyard xərclədi və borunu Ceyhana çəkdi. İndi də, İran deyir ki, regional sahədə əməkdaşlıq etmək istəyirsənsə, mən sənin qazını bazar qiymətinə almağa hazıram. Vaşinqtondan gəlib deyirlər ki, olmaz, qazı İrana satmayın. Azərbaycan da deyir ki, satmıram. Yəni bu, Vaşinqtonla əlaqəlidir və göstərir ki, Azərbaycan özü öz dövlət və xalq marağını nəzərə alan siyasət yeridə bilmir. Bəzi göstərişlər Rusiyadan, bəziləri Vaşinqtondan, bəziləri isə Avropadan gəlir. Bu göstərişlər demokratiya və insan haqları ilə bağlı olmayanda həyata keçirilir.
bizimyol